|
Bank ölkəmizə 2011-2014-cü illər dövründə göstəriləcək yardımın əsaslarını müəyyən edib
Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) müzakirə edib. Strategiyada Dünya Bankı Qrupu tərəfindən Azərbaycana 2011-2014-cü illər dövründə göstəriləcək yardımın əsasları müəyyən olunur.
Bankın Bakı ofisindən ANS PRESS-ə verilən məlumata görə, yeni strategiya hökumətin inkişaf prioritetləri əsasında qurulur və iki əsas istiqamətə diqqət yetirir. Birinci istiqamət əsasən işgüzar mühitin, infrastrukturun və kənd təsərrüfatının təkmilləşdirilməsi vasitəsilə qeyri neft-iqtisadiyyatının gücləndirilməsindən ibarətdir. İkinci istiqamət səhiyyə, təhsil, sosial müdafiə və su təchizatı daxil olmaqla, sosial və kommunal xidmətlərin səmərəliliyinin artırılmasından ibarətdir.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alamın sözlərinə görə, Azərbaycan son qlobal iqtisadi böhranı nisbətən yaxşı keçirsə də, böhran diversifikasiya olunmuş iqtisadiyyata, bazar prinsipinə əsaslanan siyasətə və gücləndirilmiş sosial xidmətlərə və dəstəyə ehtiyacın olmasını meydana çıxarıb. O bildirib ki, hökumət həmin yeni yaranan ehtiyacı və çağırışların öhdəsindən gəlməyə hazırlaşarkən, Dünya Bankı / Beynəlxalq Maliyyə Korporasiyasının strategiyası ölkənin bu səylərini dəstəkləyir.
Son illərdə, neft gəlirlərinin artması nəticəsində Azərbaycanın ÜDM-i əhəmiyyətli dərəcədə artıb və yoxsulluq kəskin azaldılıb. Ölkənin yoxsulluğun 2001-ci ildəki 49 faizdən 2008-ci ildə 16 faizə azalması sahəsində təqdirəlayiq nəticələri əsasən həmin dövr ərzində orta hesabla 20 faizdən artıq olmuş çox yüksək artım tempi ilə şərtləndirilib. Bu, əmək haqqı və transferlərin kəskin artması və səmərəli ünvanlı sosial yardım sistemi ilə tamamlanıb. Lakin sürətli artımın əksər hissəsi neft və qaz gəlirlərinin kəskin artmasının payına düşür, hansılar ki, gələcək onillik ərzində sabit səviyyədə qalacaq və ondan sonra azalacaq. Bu səbəbdən iqtisadi diversifikasiyanın və qeyri-neft sektorunun inkişafının əhəmiyyəti daha çox artmaqdadır.
Yeni ÖTS-ın bir sıra fərqləndirici xüsusiyyəti var. Birinci ondan ibarətdir ki, mövcud layihələrin icrasının sürətləndirilməsi nəzərdə tutulur. İkinci, o, yeni investisiyaların, seçimli olaraq, hökumətin dəqiq tələbatı və sahibliyi və güclü institusional potensialı olan sahələrdə həyata keçirilməsini nəzərdə tutur. Yekun olaraq, bank fəaliyyətlərində analitik işə və siyasət dialoquna daha çox yer ayıracaq.
www.anspress.com
|