|
Azərbaycanın Qəbələ şəhərində MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Oktyabrın 5-6-da keçiriləcək sessiyada Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi M.Carro, Ümumdünya Meteorologiya Təşkilatının prezidenti A.Bedritski, MDB ölkələrinin milli hidrometeoroloji xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edəcəklər.
İbrahimovanın sözlərinə görə, sessiyanın gündəliyində milli hidrometeoroloji xidmət qurumlarının MDB və Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, iştirakçı ölkələrdə hidrometeoroloji təhlükəsizlik konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində əsas inkişaf istiqamətlərinin həyata keçirilməsi və 2011-2015-ci illər üçün oxşar layihələr müzakirə olunacaq.
Eyni zamanda, MDB Hökumət Başçıları Şurası hidrometeorologiya üzrə dövlətlərarası şuranın fəaliyyətinə dair qərarların yerinə yetirilməsinə, hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası layihəsinin hazırlanmasına və onun MDB Hökumət Başçılarının Şurasında baxılmasına, 2011-2015-ci illərdə hidrometeorologiya üzrə əsas elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müzakirəsinə və bir sıra cari məsələlərə baxılacaq.
www.trend.az
|