|
Özbəkistanın azərbaycanlıların yığcam şəkildə yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yaxın günlərdə yeni mədəniyyət mərkəzinin açılışı olacaq. Binada Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərəcək.
Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, muzeylərdə Heydər Əliyevin həyat və fəaliyyətinin bütün mərhələləri miniatür şəkildə öz əksini tapacaq. Azərbaycanın dövlətçilik tarixi muzeyində vaxtilə 400 min kvadratkilometr sahəsi olan ölkəmizin xəritələri, tarixi sənədlər, şəxsiyyətlər barədə məlumatlar yer alacaq. Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyində isə iki ölkə arasında qədim tarixi və mədəni əlaqələr, habelə bu gün inkişaf edən əlaqələrin səhifələri açılacaq.
Mədəniyyət mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcək. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılacaq. Mərkəzdə 15 kvadratmetr ərazidə monitor quraşdırılacaq. Monitorda hər gün 5-7 saat ərzində ölkəmizlə bağlı yeniliklər müəyyən fasilələrlə nümayiş olunacaq, habelə Azərbaycan filmləri və musiqi nömrələri göstəriləcək.
www.anspress.com
|