|
Azərbaycan regionun iqtisadi nəhənginə çevrilib. Hazırda Cənubi Qafqazda ümumi daxili məhsulun 75 faizi Azərbaycanın payına düşür. Bu barədə “İqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda bu gün keçirilən beynəlxalq konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib.
Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan düzgün iqtisadi siyasət aparıb: “Nəticədə ölkədə əlverişli biznes mühiti yaradılıb və makroiqtisadi sabitliyə nail olunub. Bu isə xarici şirkətlərin Azərbaycana marağının artmasına səbəb olub. Belə ki, son 15 ildə ölkə iqtisadiyyatına 82 milyard dollarlıq investisiya yatırılıb ki, bunun da yarısı qeyri-neft sektorunun payına düşüb”.
Nazir deyir ki, ölkə iqtisadiyyatının iqtisadi artımını təmin etmək məqsədilə Azərbaycanda bundan sonra makroiqtisadi sabitlik qorunub-saxlanacaq: “Energetika, ekoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üzrə sistemli tədbirlər görüləcək, ölkənin diversifikasiyası genişləndiriləcək, biznes mühiti təkmilləşdiriləcək və aqrar sektorun inkişafı dəstəklənəcək”.
Onun sözlərinə görə, bu siyasət insan kapitalının inkişafına, ölkədə işsizliyin səviyyəsinin aşağı salınmasına, dövlət büdcəsi xərclərinin sosial istiqamətinin artırılmasına yönəldilib ki, bu da sonda əhalinin həyat səviyyəsinin artırılmasına gətirib çıxaracaq: “Bu gün ölkədə 900 mindən artıq yeni iş yeri açılıb, Azərbaycanın strateji valyuta ehtiyatları 26 milyard dolları ötür ki, bu da dövlət borclarının həcmindən səkkiz dəfə çoxdur. Azərbaycan 140 ölkə ilə ticarət əlaqələrinə malikdir, əmtəə dövriyyəsinin 40 faizindən çoxu isə Aİ ölkələrinin payına düşür. 2004-2009-cu illər ərzində ölkədə ÜDM 2,8 dəfə artıb. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 80 milyard dolları ötüb, onların yarısı xarici investisiyaların payına düşür”.
www.anspress.com
|