|
Cari ilin 10 sentyabr tarixində Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edəcək.
“İclas zamanı Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi, xüsusən Fəaliyyət Planının 2009-cu ildə icrası ilə bağlı “Tərrəqi Hesabatına” dair Azərbaycanın mövqeyi, Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişi üzrə danışıqlar, insan hüquqları və demokratikləşdirmə, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, ticarət, enerji sahələrində əməkdaşlıq və digər məsələlərin müzakirəsi gözlənilir”, -deyə məlumatda qeyd olunub.
Həmçinin iclasda Aİ-Azərbaycan yeni “Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri” və “Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri” üzrə Alt-Komitələrinin yaradılması barədə yekun qərarın qəbul olunması nəzərdə tutulur.
www.anspress.com
|