|
Ötən axşam Azərbaycana rəsmi səfəri başlayan Dmitri Medvedev bu gün Bakıda ticari-iqtisadi, neft-qaz, hərbi-texniki sahədə əməkdaşlığı, Xəzərdə qarşılıqlı əlaqələr, eləcə də Dağlıq Qarabağ və İranla bağlı vəziyyəti müzakirə edəcək. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko səfər ərəfəsində bildirib ki, Rusiya və Azərbaycanı ənənəvi isti etimad münasibətləri bağlayır. Onun sözlərinə görə, bu dəfəki danışıqların gedişində əsas diqqət ticari-iqtisadi əməkdaşlığa yönələcək. 2009-cu ildə Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsi 1,78 milyard dollar təşkil edib.
Sergey Prixodko bildirib ki, ikitərəfli əməkdaşlığa Xəzərdə qarşılıqlı əlaqələr, təbii ehtiyatlardan istifadə, ekologiyanın mühafizəsi, sərhədyanı bölgələrin regionlararası əməkdaşlıq məsələləri, neft-qaz sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı investisiya əlaqələri də daxildir.
Rusiya prezidentinin köməkçisi bildirib ki, səfər çərçivəsində dövlət sərhədi haqqında müqavilənin, eləcə də Samur sərhəd çayından rasional istifadə və su ehtiyatının mühafizəsi barədə hökumətlərarası sazişin imzalanması gözlənilir: “Müqavilə Rusiya, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsindən Xəzər dənizinədək dövlət sərhədinin keçdiyi xəttin möhkəmləndirilməsinə xidmət edəcək”. Sergey Prixodko əlavə edib ki, Rusiya Azərbaycanın sərhədlə bağlı müqavilə bağladığı ilk ölkə olacaq.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” holdinqi arasında əlavə razılaşmanın imzalanması gözlənilir. Sənəd 2011-2012-ci illərdə “Qazprom”un alacağı Azərbaycan qazının həcminin artırılmasını nəzərdə tutur. “Qazprom”un rəhbəri Aleksey Miller iyunda bəyan etmişdi ki, holdinq Azərbaycan qazında maraqlıdır və təklif olunan mavi yanacağın tam həcmini almağa hazırdır. Azərbaycandan Rusiyaya qaz nəqli bu ilin yanvarın 1-dən başlanıb. Əvvəlcə “Qazprom” bu il Azərbaycandan 0,5 milyard kubmetr qaz almağı planlaşdırırdı. Lakin sonradan şirkətlər bu həcmin iki dəfə artırılması barədə razılığa gəldilər. Rusiya 2010-cu ildə Azərbaycandan 1 milyard kubmetr qaz alacaq. 2011-ci ildə isə bu həcmin 2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Sergey Prixodko onu da bildirib ki, müzakirə olunacaq beynəlxalq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsi, Xəzərdə beynəlxalq əməkdaşlıq əsas yer tutacaq. Amma İranla bağlı vəziyyət ətrafında fikir mübadiləsinin aparılması da istisna olunmur.
Kremldəki başqa bir mənbə isə "RİA Novosti”yə bildirib ki, Dağlıq Qarabağ məsələsi çətindir. Onun sözlərinə görə, əsas nailiyyət ondan ibarətdir ki, münaqişə söndürülmüş vəziyyətdədir. Dmitri Medvedevlə İlham Əliyev arasındakı danışıqlarda Gümrüdəki Rusiya bazası ilə bağlı məsələnin qaldırılıb-qaldırılmayacağı barədə sualı cavablandıran mənbə bildirib ki, Rusiya tərəfi bu məsələni qaldırmaq niyyətindədir. Amma Azərbaycan tərəfinin bu məsələyə toxunacağı istisna deyil. Bununla belə, Kreml nümayəndəsi deyib ki, başlıca məsələ Gümrüdəki bazanın fəaliyyət müddətinin uzadılması yox, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.
Kremldəki mənbə Gümrüdəki bazanın Rusiyanın maraqlarından əlavə Ermənistanın təhlükəsizliyini də qoruyacağı barədə suala belə cavab verib: “Biz demirik ki, onları azərbaycanlılardan qoruyacağıq. Azərbaycandakı reaksiya müxtəlifdir. Düşünmürəm ki, real vəziyyəti bilənlər çox narahatdırlar. Müxalifət isə başqa məsələdir. Lakin biz buna sakit yanaşırıq”.
Qeyd edək ki, bu gün Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçiriləcək. Danışıqlar sənəd barədə sənədlərin imzalanması ilə başa çatacaq. Səfər çərçivəsində Dmitri Medvedev Bakı Dövlət Universitetinə də gedəcək. Orada ona fəxri doktor diplomu təqdim olunacaq.
Azərbaycan səfərində Dmitri Medvedevi köməkçisi Sergey Prixodko, baş nazir, Şimali Qafqaz federal dairəsindəki daimi nümayəndəsi Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bəzi regionların, o cümlədən, Dağıstan və İnquşetiyanın rəhbərləri, iş adamları, eləcə də “Qazprom” QSC-nin başçısı Aleksey Miller müşayiət edir.
www.anspress.com
|