|
Bu gün İqtisadi İnkişaf Nazirliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Azərbaycan üzrə hazırlanmış “Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi” hesabatı ilə bağlı tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət orqanlarının, BMT-nin və Avropa Komissiyasının, eləcə də beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri iştirak edib.
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda aparılan iqtisadi islahatlar və əldə olunmuş uğurlar barədə məlumat verib. O bildirib ki, 2010-cu ilin yanvar-may aylarında ÜDM-in real artımı 4,5 faiz təşkil edib, onun adambaşına düşən həcmi isə 3,1 faiz artıb. Onun sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 10,6 milyard ABŞ dolları təşkil edib: “Bu dövr ərzində Azərbaycan 126 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 5,8 milyard ABŞ dolları olub. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin ilk 5 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 53,5 faiz, o cümlədən ixrac 78 faiz, idxal isə 4,4 faiz artıb”.
www.anspress.com
|