|
Berlində “Almaniya və Avropa İttifaqının yeni Cənubi Qafqaz siyasəti“ adlı analitik sənədin müzakirəsi keçirilib. XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi məlumat verib. Avropa Komissiyasının Almaniyadakı nümayəndəliyində “Almaniya və Avropa İttifaqının yeni Cənubi Qafqaz siyasəti“ adlı müzakirələr zamanı Xarici Siyasət üzrə Alman Cəmiyyətinin (DGAP) eksperti Ştefan Mayster təmsil etdiyi təşkilat adından hazırladığı analitik sənədi təqdim edib. Qeyd olunan təşkilat ölkə miqyasında tanınmış tədqiqat mərkəzi olmaqla yanaşı, Almaniya federativ hökumətinə xarici siyasət məsələlərində məsləhətlər verir.
Sənədi xarakterizə edən və Avropada Cənubi Qafqaza münasibətdə ənənəvi mövqeyi əks etdirən oxşar sənədlərdən fərqi ondan ibarətdir ki, regiondakı məsələlərə daha obyektiv və praqmatik yanaşaraq Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın önəmini xüsusi olaraq qeyd edir və Almaniya, eləcə də AB-ni məhz bu ölkə ilə intensiv əməkdaşlığa çağırır. Sənəddə Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və bu vəziyyətin nəinki regionun, eləcə də Avropanın təhlükəsizlik maraqlarına təhdid yaratdığı bildirilir.
Təqdim olunan sənəd tədbirdə iştirak edən dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatdan sonra geniş müzakirə aparılıb.
www.anspress.com
|