|
BMT-nin Sənaye İnkişafı Təşkilatının (BMSİT) baş direktoru Kandeh Yumkella iyunun 28-də Azərbaycana səfərə gələcək. Azərbaycanın Avstriyadakı səfirliyinin məlumatına görə, üçgünlük səfər müddətində 2005-2010-cu illər üzrə “Azərbaycan ilə BMSİT arasında əməkdaşlıq üzrə Çərçivə Proqramı”nın müddətinin uzadılması, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi, müasir texnologiyalar, ekologiya, iqtisadiyyatın şaxələndirilməsi və s. sahələrə dair əməkdaşlıq məsələləri müzakirə ediləcək.
K.Yumkella, həmçinin BMT-nin enerji məsələləri üzrə əlaqələdiricisidir və səfər zamanı enerji məsələlərinə də diqqət ayrılacaqdır.
Azərbaycan BMSİT ilə energetika və ekoloji cəhətdən təmiz texnologiyalar, kiçik və orta sahibkarlığın, aqrobiznesin inkişafı, ətraf mühitin mühafizəsi, investisiya və texnologiyaların təşviqi, ticarətdə potensialın artırılması, texnoloji proqnozlaşdırma sahələrində əməkdaşlıq edir.
Azərbaycanın Avstriyadakı nümayəndəliyi, eyni zamanda, BMSİT nəzdində daimi nümayəndəlik funksiyasını həyata keçirir.
www.anspress.com
|