|
Böyük Britaniya və Almaniyada Cənubi Qafqazın müasir geosiyasəti müzakirə ediləcək.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev aprelin 19-da Böyük Britaniyaya səfərə yola düşəcək. Bu barədə çərşənbə günü mərkəzin mətbuat xidməti məlumat yayıb.
SAM-ın rəhbəri aprelin 20-də London Universitetinin elmi-analitik mərkəzində (University College of London) SAM-ın və Böyük Britaniya Azərbaycanlıları Şəbəkəsinin (UK-Azeris Network) birgə təşkilatçılığı ilə "Münaqişənin həlli istiqamətində Azərbaycanın axtarışları və yeni regional nizamın quruluşu" mövzusunda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək.
Aprelin 21-də isə Nuriyevin Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Azərbaycanın müasir geosiyasəti" mövzusunda keçiriləcək "dəyirmi masa"da çıxışı gözlənilir.
Aprelin 22-də SAM-ın direktoru Almaniyaya səfəri çərçivəsində isə Berlində SAM və Almaniya Federativ Respublikası Xarici Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə "Cənubi Qafqazın yeni geosiyasəti: Azərbaycandan baxış" mövzusunda keçiriləcək konfransda çıxış edəcək. Aprel 23-də Nuriyev Almaniya Qlobal İctimai Siyasət İnstitutunda "Azərbaycanın enerji strategiyası və Avropanın enerji təhlükəsizliyi" mövzusunda keçiriləcək "dəyirmi masa"da iştirak edəcək.
Hər iki ölkədə keçiriləcək silsilə tədbirlərdə Böyük Britaniya və AFR parlamentləri üzvlərinin, nüfuzlu siyasətşünasların, iqtisadçıların və bu ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirakı gözlənilir. Səfər çərçivəsində Nuriyev dövlət rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirəcək. Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri ilə yanaşı, planlaşdırılmış görüşlər və çıxışlar zamanı bu ölkələrin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələr müzakirə olunacaq. Tədbirlərdə, həmçinin, Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan - Avropa, əsasən də Azərbaycan - Böyük Britaniya və Azərbaycan - Almaniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq.
www.trend.az
|