|
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı) ictimai birliyi tərəfindən bu gün Bakıda “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2010” adlı tədbir təşkil edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin əsas məqsədi dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, Azərbaycanı dünya gənclərinə tanıtmaqdır. Tədbir martın 22-nə kimi davam edəcək. Layihədə dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qloballaşma”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr etmək şansı qazanacaqlar ki, bununla da digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikir və mövqeləri ilə tanış olub, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhfə vermək imkanı əldə etmiş olacaqlar. Qeyd edək ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.
www.anspress.com
|