|
Bu gün Xocalı soyqırımının 18-ci ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi zamanı 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq və 106 qadın işgəncə ilə qətlə yetirilib, 487 nəfərə müxtəlif bədən xəsarəti yetirilərək şikəst edilib, həmçinin 1275 nəfər girov götürülərək ağlasığmaz zülmə məruz qalıb. Girov götürülən 150 nəfərin sonrakı taleyi bu günədək məlum deyil. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 1 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. 1991-ci ilin oktyabrından blokadada olan Xocalı ilə yeganə nəqliyyat vasitəsi vertolyot aeredorumu vasitəsi ilə həyata keçirilirdi. Şəhər isə milis və milli ordunun döyüşçüləri tərəfindən müdafiə olunurdu. 366-cı motoatıcılı alayın komandiri general Polyakovun bildirdiyinə görə, Xocalıdakı hərbi əməliyyatda 106 erməni hərbiçisi iştirak edib.
www.anspress.com
|