|
Bazar ertəsi Brüsseldə Avropa Komissiyasının mənzil-qərargahında XIX-XX əsrlərdə İsveçin tanınmış sənaye sahibi olan Nobel ailəsinin Bakı neftinin işlənməsində və hasilatında iştirakının tarixinə həsr edilmiş sərgi açılıb. Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin məlumatında deyilir. Sərgi Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Norveçin "Statoyl" neft şirkəti, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Bakı Nobel İrsi Fondunun təşkilati dəstəyi ilə keçirilib. Sərginin açılışında Avropanın enerji təhlükəsizliyinin təminatında və regional əməkdaşlıqda Azərbaycanın strateji əhəmiyyəti qeyd olunub. Nobel ailəsinin Azərbaycanda çalışdığı dövr ilə indiki vaxt, yəni ölkədə dünyanın nəhəng enerji korporasiyalarının aktiv fəaliyyət göstərdikləri dövr arasında paralellərə diqqət yetirilib. Açılış mərasimində Nobel ailəsinin nümayəndələri, ARDNŞ təmsilçiləri, həmçinin Avropa İttifaqının rəsmi şəxsləri iştirak ediblər. Sərgiyə foto, reproduksiya və audiovizual prezentasiyalar təqdim olunub. Sərgi bir ay davam edəcək.
www.trend.az
|