|
APA-nın məlumatına görə, bu fikirləri Sloveniyanın xarici işlər naziri Samuel Zboqar Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Sloveniyadan İsveçrəyə ötürülməsi mərasimindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: “Dondurulmuş münaqişələrin tez bir zamanda öz həllini tapması hamının, o cümlədən Avropa İttifaqının marağındadır. Biz bunu keçən il Gürcüstan-Rusiya müharibəsi zamanı gördük. Dondurulmuş münaqişə tez bir zamanda daha təhlükəli ola biləcək isti münaqişəyə çevrilə bilər. Buna görə biz bu münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmalıyıq. Avropa İttifaqı danışıqlar prosesinə daxil deyil. Bu məsələ ilə Minsk Qrupu məşğuldur. Bununla yanaşı, münaqişənin həlli yollarını tapmaq vəzifəsi ilk növbədə Ermənistan və Azərbaycanın üzərinə düşür”.
Samuel Zboqar Avropa İttifaqının Minsk Qrupu tərəfindən aparılan prosesi dəstəkləməli olduğunu deyib: “Avropa İttifaqı habelə iki ölkə arasındakı etimad mühitinin yaradılmasını sürətləndirmək üçün çox işlər görə, həmçinin Cənubi Qafqazda regionlararası əməkdaşlığı təşviq etməyə töhfə verə bilər. Xüsusilə də, bu səbəbdən Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri və digərləri arasında “Şərq Tərəfdaşlığı” proqramı yaradıldı. “Şərq Tərəfdaşlığı” bu ölkələr və Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq mühitinin yaradılması məqsədini daşıyır. Biz sözügedən ölkələrdən islahatlar və inkişaf gözləyirik. Biz bu islahatlara və inkişafa, eləcə də ölkədə gedən irəliləyişlərə rəvac vermək istəyirik. Qeyd etdiyim bu dəyərli vasitələr eyni zamanda qeyri-dolayısı yolla Dağlıq Qarabağ münaqişəsinin həllinə də yardım edə bilər”. apa.az
|