|
Türkiyədə səfərdə olan NATO-nun baş katibi Andres Foq Rasmussen Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi iftar süfrəsinə qatılıb. Burada nitq söyləyən Şimali Atlantika Blokunun rəhbəri ilk olaraq dünyanın ən böyük dinlərindən biri olan müqəddəs İslama dərin ehtiramını ifadə edib. Eyni zamanda, NATO-nun sadiq üzvü olan Türkiyəyə verdiyi önəmi də vurğulayan Andres Foq Rasmussen onu da əlavə edib ki, Türkiyə ilə Əfqanıstan və Pakistanda sabitliyin bərqərar olması istiqamətində birgə səylər davam etdiriləcək. Sonra iftarda çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü dünyada sülhün bərəqrar olmasına töhfə olacaq: “Ankaranın Cənubi Qafqazda, Balkanlarda və Yaxın Şərqdə sülhsevər missiyası davam edəcək. Enerji təhlükəsizliyinin möhkəmləndirlməsində də Türkiyə mühüm rol oynamaqdadır”. Dünyanın kin və nifrətdən yorulduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib ki, müsəlmanlar bütün peyğəmbərləri tanıyır və ehtiram göstərirlər. Onlar, təbii olaraq İslamın Peyğəmbərinin də digər dinlərin mənsubları tərəfindən ehtiramla qəbul olunmasını gözləyirlər. /anspress.com/
|