|
Milli Məclisin payız sessiyasında ölkə həyatı üçün vacib qanun layihələri qəbul olunacaq. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, parlamentin payız sessiyası öz işinə oktyabrın 1-dən başlayacaq. Amma komitələr sentyabrdan fəaliyyətlərini davam etdirəcəklər. Milli Məclisdəki 11 komitənin hər birində Azərbaycanın ictimai həyatı üçün vacib qanun layihələri hazırlanır. Bunlar elm, təhsil, səhiyyə, rabitə, kənd təsərrüfatı, hərbi sənaye kompleksi, iqtisadiyyatın ayrı-ayrı sahələri, bələdiyyələrin fəaliyyəti ilə bağlıdır. Payız sessiyasının işlər planı hələlik tam bəlli olmasa da bu sessiyada Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi, Tikinti Məcəlləsi, “Sığorta haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Kənd təsərrüfatında kooperasiya haqqında”, “Pambıqçılıq haqqında”, “Yaşlıların təhsili haqqında” və s. yeni qanun layihələri müzakirəyə çıxarılacaqdır. Ən başlıcası, payız sessiyasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” və büdcə paketinə daxil olan digər qanunlara münasibət bildiriləcək. Bundan başqa, Seçki Məcəlləsinə, “Prokurorluq haqqında” “Dini etiqad azadlığı haqqında” qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, eləcə də Azərbaycanın hərbi doktrinasının müzakirəyə çıxarılacağı gözlənilir.
www.anspress.com
|