|
Argentinadakı yəhudi mərkəzinndəki terror aktının təşkilində iştiraka görə İnterpol tərəfindən axtarılan İranın müdafiə nazirinin müavini Əhməd Vahidi nazir vəzifəsini tuta bilər. ANS PRESS, “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, onun namizədliyi İran prezidenti Mahmud Əhmədinejat tərəfindən irəli sürülüb. Hazırda nazir müavini vəzifəsində olan Əhməd Vahidi Buenos-Ayresdə 1994-cü ildə 85 nəfərin ölümü və 150-dən artıq adamın xəsarət alması ilə nəticələnən terror aktının hazırlanmasında iştirakda ittiham olunur. Bu, İkinci dünya müharibəsindən sonra İsraildən kənarda yəhudilərə qarşı həyata keçirilmiş ən iri terror aktı idi. “Bloomberg”in məlumatına görə, Argentina tərəfi Əhməd Vahidinin ekstradisiyasını tələb edir. İsrail hökuməti Mahmud Əhmədinejatın təklifinə sərt reaksiya verib. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Endi Devid bəyan edib ki, İran prezidenti son addımı ilə onunla iş görülməsinin qeyri-mümkünlüyünü sübuta yetirib: “Sadəcə olaraq, İran rəhblərliyi sülh istiqamətində siyasət yürütmək istəmir”. Qeyd edək ki, Əhməd Vahidi barəsində beynəlxalq axtarış 2007-ci ilin noyabrında elan edilib. Terror aktına görə beynəlxalq axtarışda olanlardan biri də İran “İslam inqilabı keşikçiləri” Korpusunun keçmiş rəhbəri, son prezident seçkilərinə namizəd kimi qatılan Möhsen Rizaidir. /anspress.com/
|