|
Gürcüstan Sərhəd Polisi heyətində dörd Azərbaycan vətəndaşı olan, Panama bayrağı altında üzən “Buket" gəmisi ilə bağlı toplanmış istintaq materiallarını məhkəməyə göndərib. Bu barədə
ANS-ə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi İdarəsinin sahil mühafizə bölüyünün əməliyyat istintaq xidmətinin rəsi müavini Koba Kertatdze məlumat verib. Onun sözlərinə görə, gəminin sonrakı taleyi məkəmənin qərarından asılı olacaq.
Xatırladaq ki, bir sıra KİV-lər məhkəmənin artıq qərar verdiyini və gəminin hərraca çıxarılacağı barədə informasiyalar vermişdilər.
Azərbaycanın Gürcüstandakı konsulu Fərhad Məmmədov isə Poti limanında saxlanılan gəmidə olan Azərbaycan vətəndaşları ilə görüşüb. Azərbaycanın Gürcüstandakı səfirliyi isə Azərbaycan vətəndaşlarının azad olunması ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib.
Gəmidə olan vətəndaşlarımız gəminin məxsus olduğu Türkiyə şirkətinin onlara ödəyəcəyi məbləği alandan sonra gəmini tərk etmək istəyirlər. Amma səfirlik onların azad olunaraq sonradan bu məbləği almaları üçün müraciət ünvanlayıb.
Hazırda gəminin kapitanı -Türkiyə vətədaşı həbs olunub. Azərbaycan vətəndaşları barədə isə şübhəli şəxs qismində gəmidə saxlanmaq qərarı çıxarılıb.
Xatırladaq ki, avqustun 18-də Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin sahil-mühafizə departamentinin əməkdaşları ölkənin sahil sularında Panama bayrağı altında üzən “Buket” gəmisini saxlayıb. Gürcüstan tərəfi bildirir ki, tankerin saxlanmasına səbəb dənizçilik qaydalarının, Gürcüstanın dövlət sərhədinin dəfələrlə pozulması və tankerin işğal altında olan Abxaziya ərazisinə daxil olmasıdır. 2 min ton benzin və 700 ton dizel yanacağı daşıyan tanker Türkiyədən Suxumiyə doğru hərəkət edib. Gəminin 17 ekipaj üzvündən 13-ü Türkiyə, dörd nəfərsə Azərbaycan vətəndaşıdır.
Gəmidəki Azərbaycan vətəndaşlarının siyahısı: Tariyel Nəsirov, Əsgər Əsgərov, Vüsal Həmzəyev və Əkrəm Zamanov. /anspress.com/
|