|
Türkmənistan “Nabucco” qaz kəməri layihəsində iştirak etmək niyyətindədir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətin iyulun 10-da keçirilən iclasında bildirib.
Prezident ölkəsinin enerji ehtiyatlarının diversifikasiyası prinsipinə sadiq qaldığını açıqlayıb: “Türkmənistan öz enerji ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan diversifikasiya prinsipinə sadiqdir. Biz iri beynəlxalq layihələrdə, məsələn “Nabucco” qaz kəməri layihəsində iştirak etmək imkanlarından yararlanmaq niyyətindəyik”.
Xatırladaq ki, “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası saziş bu il iyulun 13-də Ankarada imzalanacaq. Sazişi Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır. /apa.az/
|