|
Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb. Sənədlər ötən gün İlham Əliyevin və Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra imzalanıb. İlk olaraq dövlət başçıları Xəzər dənizi üzrə birgə bəyannaməni və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri, eləcə də Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə bəyannamə imzalayıblar.
Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və Rusiya tərəfdən “Qazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin prezidenti Aleksandr Miller Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtlərini, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə Kabardin-Balkar Respublikasının prezidenti Arsen Konokov Azərbaycan və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında razılaşmanı, xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov isə hökumətlər arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında və Rusiya Federasiyasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi üzrə şərtlər haqqında sazişin hazırlanması barədə birgə bəyannaməni imzalayıblar.
Xatırladaq ki, Rusiya prezidenti ötən gün Azərbaycana səfərə gəlib. İyunun 29-da Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana işgüzar səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rusiya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
www.anspress.com
|