|
Maksim Şevçenko münaqişənin yaranmasında birbaşa Moskvanı və Mixail Qorbaçovu günahkar sayıb
«Azərbaycanın ortasında Dağlıq Qarabağ kimi süni anklav Stalin siyasəti nəticəsində peyda olub». Bu barədə «Armİnfo»nun müxbirinə Rusiyanın Birinci kanalının «Sudite sami» televerilişinin aparıcısı, Rusiya parlamentinin alt palatasının üzvü Maksim Şevçenko bildirib.
«Ümumiyyətlə, Stalin öz milli siyasətini yalnız Ermənistana qarşı deyil, bütün Cənubi Qafqaza qarşı çox sərt həyata keçirib. O, süni şəkildə əvvəlcə mövcud olan sərhədləri ləğv edərək, yenilərini yaradırdı. Axı Azərbaycan SSRİ-nin daxilində Dağlıq Qarabağ şəklində erməni anklavını necə yaratmaq olardı?.. Stalin bu ərazidə yaşayanların rəyi ilə hesablaşmadan nə istəyirdi, onu da edirdi», - deyə o vurğulayıb.
Maksim Şevçenko həm də «Armİnfo»nun müxbirinə Qarabağ münaqişəsinin yaranmasında Sovet İttifaqının və 80-ci illərin sonlarında yaranmış münaqişəyə nəzarəti əldən buraxmış Mixail Qorbaçovu günahkar sayır: «Onda Moskvada məsələnin məğzi ilə maraqlanmadılar və sağlam düşüncəyə zidd ziddiyyətli bəyanatlar verdilər».
Şevçenko düşünür ki, Moskva Qarabağ münaqişəsinə görə birbaşa məsuliyyət daşıyır, onu zorakılıq və qan tökmədən də həll etmək mümkün idi: «Ən başlıcası isə bir saat ərzində qaçqına çevrilmiş yüz minlərlə insanın əzabına yol verilməzdi»,- deyə jurnalist vurğulayıb. /ANS PRESS/
|