|
"2008-2015 illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə əsasən, qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. "Dövlət Proqramında əsas müddəalar qanunvericiliyin, QHT-lərin qeydiyyatının, QHT-lərə ayrılan subsidiyaların mexanizminin, QHT haqqında məlumatların ictimaiyyətə geniş şəkildə çatdırılmasının təkmilləşdirilməsi ilə bağlıdır. QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi qaçılmazdır", - çərşənbə günü bu mövzuya həsr olunmuş konfransda Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti Azay Quliyev bildirib. Onun sözlərinə görə, Dövlət Proqramı QHT-lər üçün əlavə imkan və hüquqi baza yaradır ki, indiyə qədər görülmüş işlərin daha geniş müstəvisində davam etsinlər. Quliyev daha sonra jurnalistlərə bildirib ki, QHT-lər haqqında qanuna əlavə və dəyişikliklər Milli Məclisin (Parlament) iyunun 30-da keçirilən iclasında müzakirəyə çıxarılacaq. "Qanuna əlavə və dəyişikliklər bugünki formada qəbul olunarsa, QHT-lər məhdudiyyətlərlə üzləşə bilər. Digər tərəfdən etiraf etməliyik ki, QHT-lərlə bağlı qanunvericilik təkmilləşdirilməlidir", - Quliyev əlavə edib. Onun sözlərinə görə, Dövlət Dəstəyi Şurası bəzi prinsipial məsələlərin əlavə və dəyişikliklərdən çıxarılmasının tərəfdarıdır. "Biz ona görə də müzakirələrə qədər qanuna əlavə və dəyişikliklərlə bağlı ictimai müzakirələr aparacağıq", - şura prezidenti bildirib. Beynəlxalq təşkilatlar və bəzi QHT-lər qanunvericiliyə edilən əlavə və dəyişikliklərin QHT-lərin fəaliyyətini məhdudlaşdırılması kimi qiymətləndiriblər.
www.Trend.az
|