|
Vaşinqton. Zaur Həsənov - APA. ABŞ-dakı erməni icması Türkiyəyə qarşı növbəti təxribata yol verib.
APA-nın ABŞ bürosunun məlumatına görə, bu ölkədə fəaliyyət göstərən, erməni əsilli məşhur vəkil Mark Qeraqosyana məxsus “Geragos & Geragos” hüquq şirkəti türklər tərəfindən 1915-1921-ci illərdə “qətlə yetirilmiş” yunanların qohumlarına müraciət edərək, həyət və mülklərini sığortaladıqları “New York Life Insurance” sığorta şirkətinə qarşı iddia kompaniyasına başlamağa çağırıb.
“Geragos & Geragos” şirkəti bu məqsəd üçün yaradılan xüsusi internet səhifəsində qeyd edib ki, 1915-ci ilə kimi minlərlə Osmanlı yunanı “New York Life Insurance” sığorta şirkətinə vəsait ödəyərək sığortalanıb. İndi isə onların qohumları adı çəkilən şirkətdən təzminat istəyə bilərlər. Mark Qeraqosyana məxsus hüquq şirkəti xüsusi vurğulayıb ki, “New York Life Insurance” sığorta şirkəti 2004-cü ildə 2300 Osmanlı ermənisinin qohumlarına 20 milyon dollar təzminat ödəməyə razılıq verib.
Qeyd edək ki, bu, ABŞ erməni icmasının Türkiyənin imicinə zərbə vurmaq üçün başladığı ilk kompaniya deyil. Bundan əvvəl Kaliforniya Assambleyasının erməni əsilli üzvü Paul Krekorian “Soyqırım Qurbanlarına Ədalət” başlıqlı qanun layihəsi ilə çıxış edərək, “soyqırımı” törətmiş Türkiyə və digər dövlətlərə investisiya yatırılmasının qadağan olunmasını istəyirdi.
|