|
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. E. Orucovanın APA-ya verdiyi məlumata görə, iddia ərizəsi bu gün Yasamal rayon Məhkəməsinə təqdim edilib. İddia ərizəsində məhkəmədən şuranın layihəyə pul ayrılmasını qadağan edən 2009-cu il 2 may qərarının ləğv olunması, 5 fevral 2009-cu ildə müsabiqəyə təqdim olunan layihə mətbuatın iştirakı ilə şəffaf müzakirəsi şuranın qarşısına öhdəçilik kimi qoyulması, qazanılan işgüzar və ictimai nüfuzu zərbə vurulduğunu nəzərə alaraq, şura tərəfindən xeyirlərinə 50 min manat təzminat ödənilməsi təmin edilməsi tələb olunub. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə deyib ki, Azərbaycan müstəqil və hüquqi dövlətdir: “İstənilən şəxs, o, cümlədən də adıçəkilən şəxslər istənilən məsələ ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Buyursunlar, məhkəməyə müraciət etsinlər”.
Qeyd edək ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 5 fevral 2009-cu ildə müddəti 7 ay, büdcəsi isə 18 min 610 manat nəzərdə tutulan layihəni şuraya təqdim edib. Şura layihəni 7 min manat məbləğində dəyərləndirilib. Aprelin 10-da isə layihənin düzgün və şəffaf şəkildə dəyərləndirilməsi xahişi ilə şuranın Apelyasiya Komissiyasına müraciət edilib. Apellyasiya Komissiyası isə aprelin 27-də layihənin maliyyələşməsinin dayandırılması haqqında qərar verib. Mayın 2-də isə Şura komissiyanın qərarını təsdiq edib. Xatırladaq ki, “Müharibədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyin sədri Xədicə Babayeva da analoji iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.
|