Almaniya XİN-in dövlət katibi: “Regiona səfərim zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərimi irəli sürəcəyəm”
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması variantının bütün hallarda istisna edilməsi zəruridir”.APA-nın məlumatına görə, bu fikirləri İrəvanda səfərdə olan Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qernot Erler söyləyib: “Almaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəstək verir. Bizim səylərimiz münaqişənin nizamlanmasına yardım göstərməyə yönəlib”. Dövlət katibi qeyd edib ki, uzun illər ərzində münaqişənin ölkələrin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipləri əsasında həlli o qədər də effekli olmayıb, bu səbəbdən danışıqlar prosesinə daha praktik yanaşmalar tapmaq lazımdır: “Münaqişənin nizamlanması üçün danışıqlar prosesində kompromislər əldə etmək vacibdir. Regiona səfərim zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz təkliflərimi irəli sürəcəyəm. Biz həmişə prezidentlər arasında görüşlərin effektiv keçdiyini vurğulayırıq, lakin ictimaiyyəti də kompromislərə hazırlamaq zəruridir. Burada populizmə və təbliğata yer yoxdur, regionda sülhün bərqərar olması, bölgənin gələcəyi barədə düşünmək, bu məsuliyyəti öz üzərinə götürmək üçün siyasi cəsarət tapmaq lazımdır”.
Qeyd edək ki, Qernot Erler Ermənistana dünən gəlib. O üçgünlük səfər çərçivəsində Ermənistan prezidenti, spikeri, vitse-spikeri, Almaniya-Ermenistan dostluq qrupunun üzvləri ilə görüşlər keçirəcək.
APA