Türkmənistan Türkdilli Dövlətlərin Parlament Assambleyasına qoşulmağa razılıq verib
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖ PA) bu ilin sentyabrında Bakıda keçiriləcək növbəti toplantısına Türkmənistan da qatılacaq. Bu barədə APA-ya açıqlamasında Türkdilli Ölkələrin Parlament Assambleyasının Azərbaycandan olan nümayəndə heyətinin üzvü Nizami Cəfərov bildirib.O, Türkmənistanın Bakıda keçiriləcək toplantıda iştiraka razılıq verdiyini, Özbəkistanın quruma üzvlüyü istiqamətində isə işlərin aparıldığını deyib: “Hazırda Bakıdakı toplantıda altı türkdilli dövlətin hamısından nümayəndə heyətinin iştirak etməsi üçün işlər görülür”.
Nümayəndə heyətinin üzvü yaxın gələcəkdə altı türkdilli dövlətlə yanaşı, müstəqil olmayan türkdilli respublikaların da TÖ PA-ya cəlb olunacağını deyib: “Assambleyaya cəlb olunacaq respublikalar sırasında Tatarıstan, Başqırdıstan, Uyğur Muxtar Diyarı və Çuvaşiya da olacaq. Bundan başqa, İranda və Gürcüstanda yaşayan türklərin də qurumda təmsilçiliyi həyata keçiriləcək. Bir sözlə, yeni yaradılan qurum gələcəkdə daha da inkişaf etdiriləcək və bütün türk dünyasını əhatə edəcək”.
N. Cəfərov Türkdilli Ölkələrin Parlament Assambleyasının iclaslarının hələlik ildə bir dəfə keçiriləcəyini, iclasa ev sahibliyi edən ölkənin parlament rəhbərinin isə toplantıya sədrlik edəcəyini deyib.
Qeyd edək ki, hazırda TÖ PA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.
Bakı. Elbrus Seyfullayev - APA