|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
ELMAR MƏMMƏDYAROV: “GUAM MƏKANINDAKI “DONDURULMUŞ MÜNAQIŞƏLƏR” REGIONDA QEYRI-SABITLIYIN ƏSAS MƏNBƏYIDIR”
|
ELMAR MƏMMƏDYAROV: “GUAM MƏKANINDAKI “DONDURULMUŞ MÜNAQİŞƏLƏR” REGİONDA QEYRİ-SABİTLİYİN ƏSAS MƏNBƏYİDİR” BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi diskussiyalarda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əsas diqqəti Cənubi Qafqazda baş verən proseslərə yönəldib.
APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir çıxışında baş verənlərin regionda beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. E. Məmmədyarovun fikrincə, Gürcüstan hadisələri GUAM məkanındakı “dondurulmuş münaqişələr”in regionda qeyri-sabitliyin əsas mənbəyi olduğunu növbəti dəfə sübut edib.
Azərbaycan xarici siyasət idarəsinin başçısı bildirib ki, kövrək atəşkəs rejimi dünyanın bu bölgəsində daimi və möhkəm sülhü heç vaxt əvəz edə bilməz: “Bu münaqişələrin hələ də həllini tapmaması beynəlxalq sülh və əminamanlığa təhlükədir, həmçinin Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji cəhətdən əhəmiyyətli bir bölgənin potensialından tam istifadə etməyə imkan vermir”.
Nazir qeyd edib ki, münaqişələrin həlli təkcə GUAM ölkələrinin deyil, bütövlükdə regionun xeyrinədir. Bu mənada o, diqqəti Türkiyənin son təşəbbüslərinə yönəldib, Ankaranın təklif etdiyi Qafqazda Sabitlik Platformasının qarşılıqlı ərazi bütövlüyünə hörmət, mövcud sərhədlərin tanınması, bərabərhüquqluluq və yaxşı qonşuluq münasibətlərini əks etdirən regional təhlükəsizlik sisteminin yaradılması üçün dayaq nöqtəsi ola biləcəyini vurğulayıb.
E. Məmmədyarov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın suverenliyinin bərpası regionda əməkdaşlıq və xoş qonşuluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verərdi: “Yalnız bu halda biz sülh və bütün regionun iqtisadi cəhətdən çiçəklənməsi yolu ilə gedə bilərik. Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Biz əminik ki, regionda mövcud olan fikir ayrılıqları dialoq, beynəlxalq hüququn norma və prinsipləri, habelə qarşılıqlı hörmət əsasında aradan qaldırılmalıdır. Regional sabitliyin möhkəmləndirilməsi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması hesabına mümkündür. Azərbaycan məhz bu istiqamətdə səylərini gücləndirir”. Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının inşasına toxunan nazir bu layihəni Avropa ilə Asiya arasında etibarlı körpü adlandırıb.
E. Məmmədyarov BMT Təhlükəsizlik Şurası üzvləri arasında dünyada sülhün bərqərar olması yolunda yaranan problemlərin aradan qaldırılmasına yanaşmada vahid mövqe olmamasının ümumi təhlükəsizlik sisteminin yaradılmasına və BMT-nin nüfuzuna mənfi təsir göstərdiyini vurğulayıb. BMT-də islahatların aparılmasına tərəfdar olduğunu qeyd edən nazirin fikrincə, bu təşkilat milli sərhədlərdən kənara çıxan və beynəlxalq əminamanlığa təhlükə yaradan hallara qarşı tam mənada kollektiv müqaviməti təşkil etmək məsuliyyətini üzərinə götürməlidir: “Biz hamımız beynəlxalq münasibətlərin unikal tənzimləmə vasitəsi olan BMT Nizamnaməsinə ciddi riayət etməliyik”.Bakı. Tamara Qriqoryeva – APA
|
Oxunub: 417 dəfə | Tarix: 29 Sentyabr 2008 | Kateqoriya: Xəbərlər
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|