RUSİYA NATO-NUN QARA DƏNİZDƏKİ DÖYÜŞ GƏMİLƏRİNİ 20 DƏQİQƏYƏ MƏHV EDƏ BİLƏR Rusiyanın Qara dəniz Donanması NATO-nun Qara dənizdəki döyüş gəmilərini 20 dəqiqə ərzində məhv edə bilər. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”-yə Qara dəniz Donanmasının keçmiş komandanı, Sovet İttifaqı Qəhrəmanı Eduard Baltin bildirib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, hazırda Qara dəniz akvatoriyasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 3, İspaniya, Almaniya və Polşanın hərəyə 1, həmçinin Türkiyənin 4 gəmisi var. Daha 8 gəminin isə bu günlərdə gələcəyi gözlənilir.
E. Baltin bildirib ki, NATO gəmiləri çox böyük olduğundan Qara dənizdə döyüş qabiliyyətini nümayiş etdirə bilməz: “Zərurət yaranarsa, bir ədəd “Moskva” raket kreyseri və iki-üç raket kateri NATO gəmilərini məhv etmək üçün yetərlidir. 20 dəqiqədən sonra dəniz tərtəmiz olacaq”.
Qara dənizi siçan tələsi ilə müqayisə edən keçmiş komandanın sözlərinə görə, buraya daxil olmaq mümkün olsa da, qarşıdurma zamanı çıxmaq çox çətindir: “Düşmənə təkcə gəmilər deyil, aviasiya və sahil sistemindən də zərbələr endirləcək”. O, İkinci Dünya müharibəsində hətta Almaniya gəmilərinin belə Qara dənizə daxil olmadığını vurğulayıb.
E. Baltin Qara dənizdə NATO və Rusiya arasında toqquşma olacağını isə istisna edir: “Təcrübədən çıxış edərək deyə bilərəm ki, biz hücum etməyəcəyik, onlar isə intihara əl atmazlar”.Moskva – APA
|