ROBERT SIMMONS: “İPAP-IN BIRINCI MƏRHƏLƏSINI MÜVƏFFƏQIYYƏTLƏ BAŞA ÇATDIRAN AZƏRBAYCAN IKINCI MƏRHƏLƏNIN YERINƏ YETIRILMƏSINDƏ DƏ YÜKSƏK NƏTICƏLƏR ƏLDƏ EDƏCƏK”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Əbiyev NATO ilə əməkdaşlıq məsələlərində əldə edilmiş müsbət nəticələrdən danışaraq bildirib ki, son illər bu istiqamətdə nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra edilib, NATO standartlarına uyğunlaşdırma sahəsində işlərin uğurla aparılması Avro-Atlantik alyansla əlaqələri daha da dərinləşdirib.
Öz növbəsində, R. Simmons S. Əbiyevin fikirləri ilə bölüşdüyünü qeyd edib, Azərbaycanla NATO arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb. Xüsusi nümayəndə bildirib ki, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nəticələr əldə edəcək.
Bakı. Məhbubə Qasımbəyli - APA