UKRAYNA DÖVLƏT TIKINTI NƏQLIYYAT KORPORASIYASININ VITSE-PREZIDENTI İSA ƏLIYEV: “FƏALIYYƏTIMƏ AZƏRBAYCANLA BAĞLI LAYIHƏLƏRDƏN BAŞLAYACAĞAM”

“Yeni vəzifədə fəaliyyətimə Azərbaycanla bağlı layihələrdən başlayacağam”. Bunu APA-ya açıqlamasında bu günlərdə Ukrayna Dövlət Tikinti Nəqliyyat Korporasiyasının vitse-prezidenti təyin olunmuş İsa Əliyev deyib.
Onun sözlərinə görə, birbaşa Nazirlər Kabinetinə tabe olan korporasiyanın tərkibində 51 dövlət şirkəti var. İ. Əliyev təəssüflə bildirib ki, Rusiya, Gürcüstan, Türkmənistan, Türkiyə, Kuba, Argentina və Bolqarıstanda müxtəlif layihələrin həyata keçirilməsində iştirak edən korporasiyanın Azərbaycanla hələlik heç bir əlaqəsi yoxdur: “Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin dəstəyi ilə ölkəmizlə əlaqədar layihələr hazırlayacağıq. Çalışacağam ki, işlədiyim korporasiya ilə Azərbaycan arasında çox sıx əlaqələr olsun. Dövlətimizə, dövlətçiliyimizə xidmət etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, 30 ilə yaxındır Odessada yaşayan İsa Əliyev 1961-ci ildə Ağcabədinin Qaravəlli kəndində anadan olub. Odessa Dövlət Universitetinin hüquq fakültəsini bitirib, bir müddət hüquq-mühafizə orqanlarında çalışıb, sonra bizneslə məşğul olub.
Bakı. Laçın Sultanova - APA