|
Reklam aksiyası vasitəsi ilə Azərbaycanın iqtisadi və mədəni potensialı haqda geniş məlumat verilib. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil edilən “Azərbaycan – sehrli rənglər diyarı” kampaniyası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR – Azərbaycanın enerjisi” adlı təqdimatı keçirilib.
ANS PRESS-in ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, forumda reklam aksiyası vasitəsi ilə Azərbaycanın iqtisadi və mədəni potensialı haqda geniş məlumat verilib, əsas tədbirlərin keçirildiyi üç min nəfərlik Konqres Mərkəzində Azərbaycan xalçalarından ibarət kolleksiya nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirakçılara Azərbaycan və ARDNŞ haqda geniş məlumat verib, Avropanın enerji təhlükəsizliyində ölkəmizin tutduğu mühüm mövqe və oynadığı rol, neft-qaz marşrutlarının şaxələndirilməsi kimi məsələlər haqqında danışıb.
Təqdimatda enerji məsələləri üzrə Avropa komissarı Günter Ottinger, Gürcüstanın Baş naziri Nika Gilauri də çıxış edərək enerji əməkdaşlığı sahəsində Azərbaycanın etibarlı tərəfdaş olmasından söz açıblar. Forumda Azərbaycan nümayəndə heyətində təmsil olunan nazirlər – Ə. Abbasov, S. Şərifov, H. Bağırov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri C. Hacıyevlə yanaşı, tədbirdə “Deutsche Bank”, “Tüssen Qrup”, “LUKoyl”, “RWE”, “BNP Paribas”, “Blackstone”, “Edisson”, “Ernst and Young” kimi tanınmış beynəlxalq korporasiyaların, bankların, iri KİV-lərin rəhbərləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Avropa ölkələri parlamentlərinin deputatları, rəsmi şəxslər iştirak ediblər.
anspress.com
|