GÜRCÜSTANDA PARLAMENT SEÇKILƏRI MÜXALIFƏT FƏALININ QƏTLƏ YETIRILMƏSI ILƏ BAŞLAYIB

Bu gün səhər Gürcüstanın qərbindəki Tsalencix rayonunda birləşmiş müxalifətin fəalı Geronti Katsiya öldürülüb.
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, “Birləşmiş müxalifət” blokunun liderlərindən biri olan David Qamkrelidze G. Katsiyanın seçki məntəqəsinə gedərkən yolda ov tüfəngindən açılan atəşlə qətlə yetirildiyini bildirib: “O, seçkinin ilk qurbanıdır. Hadisəyə görə məsuliyyət hökumətin üzərinə düşür”.
Saqareco rayonundakı 37 saylı seçki məntəqəsində isə komissiya sədri ilə qurumun müxalifətdən olan üzvü dalaşıblar. MSK-nın mətbuat katibi Zurab Kaçkaçişvili faktı təsdiqləyərək deyib ki, olaya səbəb seçki komissiyasının müxalifətçi üzvünün seçiciləri namizədlərdən birinə səs verməyə çağırması olub.
Tiflis – APA