|
Vyanada keçirilən beynəlxalq tədbirdə ölkəmizi SAM təmsil edib. Azərbaycan V Avropa Qaz Konfransında təmsil olunub. Avstriyanın paytaxtı Vyanada yanvarın 27-dək davam edəcək konfransda “Cənub qaz dəhlizi”nin inkişafında Azərbaycanın rolu, enerji mənbələrinin şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyi, beynəlxalq maliyyə böhranının bazarlara göstərdiyi təsir və digər məsələlər də müzakirə olunacaq.
Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanı konfransda təmsil edən qurumun elmi işçisi Gülmira Rzayeva tədbirdə çıxış edərək bildirib ki, siyasi xarakter daşıyan və nəhəng maliyyə xərcləri bahasına başa gələn boruların artıq çoxdan vaxtı keçib və bunlar əsasən Sovet dövrünə xas olan layihələrdir: "Hazırkı dövrdə, xüsusən – 2008-ci ildə başlanan iqtisadi böhrandan sonra – iqtisadi maraqlar önə çəkilib və bu iqtisadi amilləri nəzərə alaraq Azərbaycan daha çox kiçik və azhəcmli boru layihələrində maraqlı olub. Siyasi şou xarakteri daşıyan digər borulara xərclənən insan və maddi resursların miqyası digər istehsalçı və istehlakçıları bu cür layihələrdən çəkindirir.
Qeyd edək ki, Avstriyanın İqtisadiyyat, Gənclər və Ailə Məsələləri üzrə Federal Nazirliyi və The Energy Exchange Ltd. şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 27 ölkədən 280-a yaxın nümayəndə iştirak edir. Dünya qaz sənayesinin rəhbərləri, eləcə də enerji- neft və qaz sahələrində məsul dövlət orqanlarının nümayəndələrinin bir araya gəldiyi konfransın məqsədi əsas enerji şirkətləri ilə hökumət dairələri arasında Ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir.
anspress.com
|