ABŞ KONQRESI POLŞA VƏ ÇEXIYADA RAKET HÜCUMUNDAN MÜDAFIƏ SISTEMI ÜÇÜN AYRILACAQ VƏSAITIN MIQDARINI ARTIRMAQDAN IMTINA EDIB

ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi ölkənin 2009-cu il hərbi büdcəsinə təklif olunan dəyişikliyi rədd edib. APA-nın məlumatına görə, bu dəyişiklik ABŞ-ın Polşa və Çexiya ərazisində yeni raket hücumundan müdafiə sisteminin quraşdırılması üçün əlavə vəsait ayrılmasını nəzərdə tuturdu. Komitənin 34 üzvü bu layihəyə əlavə vəsait ayrılmasına etiraz edib, 24 konqresmen isə dəyişikliyi dəstəkləyib.
Qeyd edək ki, 2009-cu ilin hərbi büdcəsində Polşa və Çexiya ərazisində quraşdırılacaq RHM sistemi üçün nəzərdə tutulan vəsait Konqresdəki müzakirələrdən sonra 232 milyon dollar azaldılıb. Prezident Corc Buş Konqresə göndərdiyi büdcə layihəsində bu məqsəd üçün 719.8 milyon dollar ayrılmasını tələb etmişdi.
Vaşinqton – APA