RUSIYANIN YENI PREZIDENTI AND IÇƏRƏK VƏZIFƏSININ ICRASINA BAŞLAYIB

Rusiyanın yeni prezidenti Dmitri Medvedev and içərək vəzifəsinin icrasına başlayıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, Kreml Sarayının Andreyevsk zalında keçirilən mərasimdə D. Medvedevin andını Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin qəbul edib.
Yeni dövlət başçısı öz inauqurasiya nitqində əsas vəzifəsinin vətəndaş azadlıqları və iqtisadi azadlıqların inkişafı olduğunu bildirib: “Bu hüquq və azadlıqlar ali dəyərlərdir və dövlətin fəaliyyətinin əsas mahiyyətini təşkil edir”. O, doğma vətəni və evi adlandırdığı Rusiyanın bütün vətəndaşlarını əmin edib ki, həm prezident, həm də insan kimi bütün gücü ilə çalışacaq. D. Medvedev səlahiyyət müddəti başa çatan Vladimir Putinə minnətdarlıq etməyi də unutmayıb: “Mən prezident Vladimir Vladimiroviç Putinə hər zaman hiss etdiyim dəyişməz şəxsi dəstəyinə görə səmimi qəlbdən təşəkkür edirəm.
Əminəm ki, bundan sonra da belə olacaq”. Mərasimdən sonra əvvəlki və indiki prezidentlər xanımları ilə birlikdə ayaqüstü söhbət ediblər.
Qeyd edək ki, Dmitri Medvedev bu il martın 2-də keçirilən prezident seçkilərində 70,28% səs toplayaraq qalib gəlib.
Moskva – APA