XƏZƏR - XALQIMIZIN KEÇMİŞİ VƏ DÖVLƏTÇİLIYİMİZİN GƏLƏCƏYİ FONUNDA (1. KEÇMİŞDƏN BOYLANAN XƏZƏR)
]
Lamiyə Şirvanzadə
Asiya və Avropa arasında olduqca mühüm geostrateji mövqedə yerləşən Xəzərin bu gün olduqca çoxsaylı problemləri vardır. Digər tərəfdən, Xəzər regionu öz təbii ehtiyatları ilə Qərbin diqqət mərkəzindədir. Xüsusilə, SSRİ dağıldıqdan sonra beynəlxalq səhnədə gedən dərin geosiyasi dəyişikliklər Xəzər regionundan nəinki yan keçdi, hətta, bu region əsas rəqabət obyektlərindən birinə çevrildi. Bir sözlə, həm dünyada karbo-hidrogen ehtiyatlarına getdikcə artan tələbat, həm də bütün dünyada gedən nüfuz uğrunda rəqabət Xəzərin beynəlxalq münasibətlərdə xüsusi çəkisini daha da artırır. Bugünün Xəzərinə keçmişə nəzərən də qiymət vermək üçün Xəzərlə bağlı bu silsilə məqalələrdə ilkin olaraq onun tarixi-coğrafi mənzərəsindən başlamağı lazım bilirəm...
Eramızdan 56 milyon il əvvəl nəhəng Samrat dənzinin bir hissəsi olmuş, sonrakı dövrlərdə isə suyun çəkilməsi nəticəsində Qara dənizdən ayrılmış Xəzər tarixin müxtəlif döngələrində bu ərazilərə səyahət etmiş tarixçi, alim, səyyahların əsərlərində, yol qeydlərində təsvir olunmuş, həmçinin sahil xalqlarının həyatı, ictimai quruluşu haqda maraqlı məlumatlar verilmişdir. Herodotun, Plininin, Sekundanın və s. onlarla səyyahın əsərlərində Xəzər 60-a qədər müxtəlif adla adlandırılmışdır. Bu, təbii ki, Xəzər dənizinin geostrateji mövqeyindən irəli gəlir. Müxtəlif tarixi mərhələlərdə müxtəlif xalqlar tərəfindən sahildə yaşayan əhali ilə bağlı olaraq, yaxud başqa səbəblərə görə Alban dənizi (Plini, Sekunda), Ağ dəniz, Quzğun dənizi və s. kimi adlandırılan Xəzərin ən çox yayılmış adları 'Kaspi' və 'Xəzər'dir.
Kaspi adı dənizin cənub qərbində yaşayan kaspi tayfalarının adı ilə bağlıdır. Herodotun əsərlərində bu tayfaların sonradan bu ərazilərdən sıxışdırılması xəbər verilir. Xəzər adına gəldikdə isə, bu ad eramızdan əvvəl dənizin şimal-qərb sahillərində yaşayan xəzərlərin adı ilə bağlıdır. Bu gün Qafqazda, İranda və ərəb xalqlarında bu ad coğrafi mənada saxlanılır və soyuq şimal küləyi olan xəzrinin adı da məhz buradan götürülmüşdür.
Bu gün Xəzər həmçinin tarixi yaddaşımızın daşıyıcısı kimi də çıxış edir. Belə ki, müxtəlif vaxtlarda Xəzərin səthinin qalxıb enməsi nəticəsində xeyli tarixi abidələr su altında qalmışdır, məsələn: Ənuşirəvan tərəfindən tikilmiş Dərbənd qalası (2 metrə qədəri), Dərbənd yaxınlığında liman döşəməsi (7 m). 1939-40-cı illərdə Pirallahıda daşdan hörülmüş qəbirlərdə uzunluğu 2,35 m insan skeletleri tapılmış, 1940-cı ildə isə Bakı buxtasında 1224-1234 cü illərdə tikilmiş atəşpərəstlik məbədi aşkar olunmuşdur.
Bütün bunlar Xəzərin doğma dalğalarının qoruyub saxladığı yaddaşımızın yalnız bir hissəsidir. Daha neçə-neçə tarixi izlərimiz isə hələ dalğalar altında öz kəşfini gözləyir.
...ardı var...