|
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, forumda müxalifət partiyalarının təmsilçiləri, millət vəkilləri və QHT rəhbərləri iştirak edib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, forumun müxalifətin birgə təşkilatçılığı ilə keçirilməsinə çalışsalar da, buna nail ola bilməyiblər: “Buna baxmayaraq, biz Qarabağ məsələsinin daim gündəmdə qalmasına çalışacağıq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquluyev Qarabağ probleminin həllinə dair təkliflər paketi hazırladıqlarını, lakin bir çox müxalifət partiyalarının bu sənədi imzalamadığını deyib: “Bu, onu göstərir ki, ümumi problemlərlə bağlı da bir çox hallarda firqə maraqları öndə tutulur”. Q. Həsənquluyev Qarabağ probleminin sülh yolu ilə həll olunması barədə Avropa Şurasının qarşısında öhdəlik götürən partiyaları bu öhdəlikdən imtina etməyə çağırıb: “Düzdür, bu zaman həmin partiyalar müəyyən mənada beynəlxalq dəstəyi itirə bilər, amma belə olan halda da Avropa Şurası həmin partiyalarla əməkdaşlıq etməyə məcbur olacaq”. Millət vəkili hazırkı Azərbaycan ordusu ilə torpaqları azad etməyin mümkün olmadığını vurğulayaraq peşəkar ordunun qurulmasını vacib sayıb.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bəyan edib ki, problemin həlli ilə bağlı nəinki hakimiyyətlə, hətta müxalifətin daxilində də bir mövqedən çıxış etmək problemə çevrilib. Onun sözlərinə görə, müxalifət bir araya gələrək hakimiyyətdən danışıqları dayandırmağı tələb etməlidir: “Kim danışıqların perspektivinə inanırsa, bunu sübut etsin. Biz düşünürük ki, Azərbaycan ordusu hərbi əməliyyatlara başlamalı və beynəlxalq birliyi fakt qarşısında qoymalıdır. Yalnız bundan sonra proseslər Azərbaycanın xeyrinə ola bilər”.
Digər partiyaların rəhbərləri də çıxış edərək mövzuya dair fikirlərini açıqlayıblar. M. Mirəlioğlu səslənən bütün fikirlərin ümumiləşdirilərək təkliflər paketi hazırlanacağını və dövlət qurumlarına təqdim ediləcəyini bildirib.
|