|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
XƏZƏR DƏNIZI
|
 XƏZƏRİN TARİXİ HAQQINDA Xəzər dənizi Avropa və Asiya sərhəddində yerləşən, Azərbaycan, İran, Qazaxıstan, Rusiya, və Türkmənistan dövlətlərinin ərazisi ilə əhatə olunmuş dünyada ən böyük qapalı su hövzəsidir.
Bu hövzə özünün gözəlliyi, sehrkarlığı və sirli aləmi ilə hələ çox qədimdən məşhur səyahətçilərin, alimlərin, bəzi dövlət xadimlərinin diqqət mərkəzində olmuşdur. Mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Kuybışev şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir. Antik dövrün Xəzər dənizini öyrənməklə məşğul olmuş alim, səyahətçilərin maraqlı fikir və fərziyyələri əsasında demək olar ki, özünün çoxəsrlik tarixi ərzində Xəzərin çoxlu adları olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40-dək, bəzilərində isə 100-dək göstərilir. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin adına görə, ya da sahilyanı zolaqda yerləşən şəhər, vilayət, ölkələrin adlarına görə verilirdi bu baxımdan Xəzərin Hirkan, Abeskun, Xəzər, Xvalınsk, Kaspi, Pontik, Kimmerik, Sarmat, Xorasan, Tabasaran, Mazandaran, Göy, Ağdəniz, Rus, Bakı, Dərbənd və s. kimi adları bununla bağlı olmuşdur. Adlar içərisində yalnız Xəzər və Kaspi tarixi və coğrafi hüquq qazanaraq indiyə kimi qalmışdır. Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (e.ə. VI-V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırılmışdır. Sovet tarixçisi L.A.Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla) o cümlədən Xəzəri qapalı hesab etmişdir. Lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edildi. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərmişdir. Xəzərə göl xarakteri e.ə. V-IV əsrlərdə daha çox irəli sürülürdü.Eyni zamanda əks nəzəriyyələr də mövcud idi. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman (həmin vaxt Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdır) İskəndərin silahdaşları belə hesab etmişlər ki, Sır-Dərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı höfzə olmasını müdafiə edirdi. Lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrini nəyin əsasında söyləməsini deyə bilmirik. E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədi ilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285-280-ci illərdə Hirkan hakimi Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi. Lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir. Tədqiqatçı Seyran Vəliyev yazır ki, Partokol Xəzərin şimalda şimal okeanı ilə birləşdiyi qənaətinə gəlmişdir. Həmin əsərin əldə olmamasına görə tədqiqatçı bunun səbəbini izah etmir. Lakin bu haqda elmi ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Bəzi alimlərə görə Partokl Qaraboğaz-Qöl körfəzinə gedən yolu okeana gedən boğaz hesab etmiş, başqalarına görə Manqışlağa qədər üzmüş yarımadanın şərqə döndüyündən okeanın başladığını zənn etmiş, bir başqasına görə isə Volqanı okeana gedən boğaz saymışdır. Yenə də L.A.Yelnski bunları təhlil edərək qeyd edir ki, Partokl Xəzərin yalnız Abşeron yarımadasınadək olan hissəsinədək üzmüş, qalan ərazini şimal dənizi hesab etmişdir. Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması əlbəttə bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu höfzəni okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilmişdir. Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz. Ümumiyyətlə, Xəzərin tarixi haqqında qədim dövrdə daha çox yunan müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə Qəvzini, Əbül Fida, İstəxri, İdrisi) sonrakı əsrlərdə isə fars, türk, Avropa və rus səyyahları (İ.F.Seymanov, Q.V.Abix, N.N.Andrusov və s.) məlumat vermişlər. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdir. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut etmişdir. İstəxri yazırdı: "Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar". Xəzərdəki neft haqqında tarixə belə fakt məlum olmuşdur ki, e.ə. 331-ci ildə M.İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadrı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616-17-ci illərdə çəkilmişdir. Xəzərin daha ətraflı tədqiqi XVIII əsrdə I Pyotrun göstərişi ilə ruslar tərəfindən aparılmış, hətta 1717-ci ildə onun yeni xəritəsi təshis olunmuşdur. I Pyotrun göstərişi ilə A.Beskoviç-Çerkaskanın təşkil etdiyi ekspedisiya Xəzərin şərq sahillərində olmuş, məlumatlar toplamışlar. XVIII əsrin 20-ci illərində İ.F.Soymonov tərəfindən Xəzərin tədqiqi aparılmış 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir. XIX əsrin II yarısında isə Xəzərin tədqiqində İ.V.Tokmaçev və M.İ.Voynoviçemin xüsusi xidmətləri olmuşdur. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırladı, əsrin ortalarında bu iş kontr-admiral İ.İvasintsevin rəhbərliyi altında davam etdirildi. 1856-cı illərədək ekspedisiya işi davam etdirildi, 1874-cü ildə bu ekspedisiyaların nəticəsində iki cildlik Həştərxan-Bakı-Aşurada haqqında "qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik" adlı büt.öv atlas nəşr olundu. XIX əsrdə P.S.Kollas, K.M.Ber, Q.V.Abix, E.X.Lents, N.İ.Andrusov və digərləri Xəzərin təbii şəraitinin öyrənilməsi sahəsində müəyyən işlər görmüş, bu işdə Bakı gömrüyünün və Xəzərdəniz hidrometroloji idarəsinin əməkdaşlarının çox böyük xidmətləri olmuşdur. İ.M.Knipoviçin rəhbərlik etdiyi ekspedisiya 1904, 1912, 1915-ci illərdə Xəzərdə müxtəlif işlər görmüşdür. XX əsrin əvvəllrindən başlayaraq sovet geoloqları İ.M.Qubkin, B.A.Appolov, K.P.Voskresenki, II dünya müharibəsindən sonra bu işdə Azərbaycanlı mütəxəssislər K.K.Gül, E.M.Şıxlınski, A.Q.Qasımov, M.İ.Abakorov, A.İ.Xəlilov və b. Xəzər haqqında çox dəyərli tədqiqatlar aparmışlar. Azərbaycanlı alimlər əsasən Xəzərin tədqiqatına 1947-ci ildən başlamışlar. XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii sərvəti ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və İran sərbəst şəkildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sahəsində aşkar olunmuşdur. Bu dövrdən etibarən Xəzərdə ağalıq uğrunda iki dövlətin Rusiya və İranın mübarizəsi daha səciyyəvidir ki, SSRİ dağılanadək burada bir çox maraqlı məqamlar diqqəti cəlb edir. Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km, sahil xətttinin uzunluğu 6,5 min km (o cümlədən, 800 km-i Azərbaycanın ərazisində), sahəsi 370 min kv km. (1929-cu ildə isə sahəsi 422 min kv km- olmuşdur), dünya okeanı səviyyəsindən 28 metr aşağıdır. Ərazisində təqribən 50-dək ada və irili-xırdalı 130-dək bura tökülən çay vardır. Son 160 illik tarixində Xəzərin səviyyəsi 25,2 m. (1882) - 29,0 m. (1977) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, son 100 ildə isə 3,2 m. olmuşdur. 1975-95-ci illər ərzində Xəzərdə su səviyyəsinin qalxması nəticəsində 12,5 min kv. km ərazi su altında qalmışdır. Bu zaman Azərbaycanda 48450 ha. sahəni su basmış, 2 milyard dollar ziyan dəymişdir. Bakı buxtasında suyun altında qalmış Karvansaray adasına, Lənkəranda su altında qalmış meşə qalığına əsasən belə nəticəyə gəlmək olar ki, hətta XII-XIII əsrlərdə Xəzərin səviyyəsi bu günkündən çox aşağı olmuşdur. 1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: "Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır". Göründüyü kimi haqqında danışdığımız Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. Lakin XIX əsrin ortalarından başlayaraq sənayedə daha mütəşəkkil rol oynayan neft region dövlətlərinin diqqətini kəskin şəkildə Xəzərə yönəltmişdir. Əsrlərlə Rusiyanın Qafqazda apardığı mübarizələrin əsasında elə Xəzər kimi böyük hövzəsinin sərvətlərinə sahib olmaq dururdu. Buna görə də son 150 il Xəzər tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan hissəsində 432 milyon ton neft, 318 milyard kubmetr qaz hasil edilmiş, 26 böyük yataqlar kəşf edilmişdir.Əlbəttə, bu qədər sərvətin mənimsənilməsində aparıcı rolu Rusiya oynamışdır. Məhz dünya praktikasında ilk dəfə olaraq 1798-1830-cu illərdə dənizdə Xəzərin buxtasında qazılmış quyulardan neft çıxarılmışdır. 1872-ci ildən başlayaraq Avropanın neft nəhəngləri bölgədəki neft sahələrinə böyük maraq göstərmiş, 1873-cü ildə Robert Nobel (1829-1896) Abşeron, Xəzər neft yataqlarının istifadəsinə və ağ neft fabrikinin tikintisinə qardaşları Lüdviq və Alfred ilə birlikdə 25 min rubl sərf etmişdir. Həmin qardaşlar 1879-cu ildə neft şirkəti yaratmışlar. 1877-ci ildə L.Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib istifadəyə verilmişdir. "Zaratustra" adlanan dünyanın ən iri tankeri 40 ilə yaxın Xəzər dənizində işlədi. Xəzər neftinə daha sonra Rotşildlər maraq göstərmiş, öz fəaliyyət dairəsinə görə II yerə çıxmışlar. Sovet hakimiyyəti illərində də Xəzər nefti məşhurluğu ilə yanaşı, Moskvanın diqtəsi ilə güclü istismar olunmuş, həm də burada tətbiq olunmuş texnikanın səviyyəsi getdikcə yüksəlmişdir.İlk dəfə olaraq 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə Xəzər dənizində başlanmışdır. Ötən 50 il ərzində Xəzər nefti Sovet Rusiyasının güclü gəlir mənbəyi olmuşdur. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q.M.Gül bu haqda yazırdı: "Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir". Lakin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər Xəzərin tarixində əsaslı dönüş yaradaraq əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı 10-dan artıq müxtəlif müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarmış, bu beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir. Elə buna görə də Xəzərin müasir tarixindəki ictimai-siyasi proseslərin öyrənilməsi mürəkkəb olduğu qədər də maraqlıdır.XƏZƏRİN HÜQUQİ STATUSU ANLAYŞININ MEYDANA GƏLMƏSİ SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində verilmişdir. Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır". (Qeyd etmək lazımdır ki, bu müqavilə ilə təsbit olunan sərhəd xətti Astara-Həsənqulu su sərhəddidir). 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P.Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış "Ticarət, dənizçilik və məskunlaşma haqqında", 1940-cı ildə "Ticarət və dənizçilik haqqında" imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanmışdır. 1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür.
SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hal-hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.
1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər. Qeyd etdiyimiz kimi, Xəzərin hüquqi statusu məsələsi çox ziddiyyətli və mürəkkəb proses olduğundan bu prosesin inkişaf tendensiyalarını anlamaq üçün 3 etapa bölmək lazımdır:
- Birinci etap - 1991-1994-cü illər - problemin öyrənilməsi, ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusunun müzakirə edilməsinin başlanması ilə xarakterizə olunur.
- İkinci etap - 1995-1998-ci illər - sahilyanı dövlətlərin status məsələsi ilə bağlı mövqelərinin dəqiq müəyyənləşməsi və ikitərəfli, çoxtərəfli görüşlərin intensivləşməsi ilə xarakterizə olunur.
- Üçüncü etap - 1999-cu ildən başlayaraq Rusiyanın Xəzərin hüquqi statusu məsələsində mövqeyinin tam dəyişilməsi ilə xarakterizə olunur. Bu etap həm də Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli razılaşmaların əldə edilməsi ilə əlamətdardır.
Əvvəla qeyd etmək lazımdır ki, dünya okeanı ilə təbii əlaqəsi olmayan istənilən həcmli su tutarı göl adlanır. Dünyada qəbul olunmuş coğrafi aksioma olan bu yanaşma Xəzərə tam uyğun gəlir. İkincisi, qeyd etmək lazımdır ki, Sovet dərsliklərində və Böyük Sovet Ensiklopediyasında yazıldığı kimi Xəzər dünyanın ən böyük gölüdür. Üçüncüsü isə vaxtilə Sovet hüquq elmində sərhəd gölləri barədə təliminin olmaması və Sovet beynəlxalq-hüquq doktrinasında qapalı dəniz konsepsiyasına üstünlük verilməsi bəzi müəlliflərin Xəzərin qapalı dəniz hesab etməsinə səbəb olmuşdur. Beləliklə bütün bu faktorları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Xəzər beynəlxalq sərhəd gölüdür. Hüquqşünas alim R.F.Məmmədov Xəzərin coğrafi statusunu belə əsaslandırır: "İki və daha çox dövlətin sahillərini yuyan dünya okeanı ilə təbii yolla birləşməyən həmçinin müstəqil hüquqi statusa və gölyanı dövlətlər arasında bağlanmış konkret beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq rejimə malik su məkanları beynəlxalq hüquq nöqteyi nəzərindən sərhəd gölləri hesab olunmalıdır". Bütün bunları nəzərə alaraq Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik.
- Xəzər beynəlxalq sərhəd gölüdür.
- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir.
- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanmışdır.
- Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən əvvəl öz milli sektorunda işə başlaya bilərlər.
Hazırda Azərbaycanın bu mövqeyinə qarşı İran və Türkmənistan aşağıdakı arqumentlərlə çıxış edirlər.
- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.
- Xəzər 20% prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında bölünməlidir. Azərbaycan mövqeyi ilə Türkmənistan-İranın mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincilərin mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Birinci ona görə ki, İran və Türkmənistanın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir. İkinci, Xəzərin 20% payla Xəzəryanı dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyildir.
Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921-və 1940-cı illər Sovet-İran müqavilələrinə istinad edilməsi çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır. Doğrudur müqavilənin 3-cü maddəsində Xəzərin İran-rus dənizi olduğu və sərbəst gəmiçilik və balıqçılıq məsələləri vurğulanırdı. Qeyd etmək lazımdır ki, İran tərəfi bu maddəni əsas götürərək Xəzərin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu qeyd edir. Lakin müqavilə imzalandıqdan sonra görmək olar ki, Xəzərin istismarında heç vaxt kondominium prinsipi olmamışdır. Bağlanmış bütün müqavilələrdə elə bir müddəa yoxdur ki, orada Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması müddəası bilavasitə və ya dolayısı ilə təsdiq edilsin. Bu təcrübə müasir dövrdə kondominium prinsipinin tətbiqinin mümkünsüzlüyünü göstərir. Birincisi ona görə ki, 1949-cu ildə SSRİ Xəzərdəki neft ehtiyatlarının işlənməsinə İranın iştirakı olmadan və onunla məsləhətləşmədən başlamışdır. Bu zaman İran hər hansı bir formada etirazını bildirməmişdir. İkincisi isə hələ 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilmişdir. Bölgüyə əsasən Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı. Həyata keçirilən bu bölgü ilə İran da tanış edilmiş və bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilmişdir. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməmişdir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, bütün Sovet-İran müqavilələrilə yaxından tanışlıq bir daha göstərir ki, bu sənədlərdə əsasən balıqçılıq, gəmiçilik və digər məsələlər tənzimlənirdi. Bu müqavilələrdə Xəzərin enerji resusları və onların işlənməsi barədə heç nə deyilmirdi. Buna görə də Xəzərin neft-qaz resuslarının istifadəsinə dair hüquqi vakuum var idi. Həmin resusların istifadəsi ilə sahilyanı dövlətlər bu vakuumu doldurmuş oldular. Buna görə də Xəzərin hüquqi statusu müəyyən edilərkən sahilyanı dövlətlərin neft-qaz resuslarının istifadəsində yaranmış təcrübəsi və beynəlxalq-hüquqi təcrübənin müddəaları əsas götürülməlidir.XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSUNA DAİR ARAYIŞ Azərbaycan Respublikası sahilyanı dövlətlərin Xəzər dənizindən istifadə edilməsinin təşəkkül tapmış təcrübə əsasında müvafiq sektorlar çərçivəsində ənənəvi iqtisadi fəaliyyətin həyata keçirilməsinə istinad edir.
Azərbaycan Respublikasının konseptual mövqeyinə görə Xəzər dənizi sahilyanı dövlətlərin suveren hüquqları və yurisdiksiyası şamil olunan müvafiq sektorlara bölünməlidir. Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsi orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn ümumtanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməlidir.
Bütün bunlar Xəzər dənizinin hüquqi statusu haqqında vahid sənəddə öz əksini tapa bilər.
Sahilyanı dövlətlərin qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlıqlarından irəli gələn məsələlər hər bir sahilyanı dövlətin Xəzər dənizində müvafiq sektor üzrə ayrılmaz suveren hüquqlarını təsbit edən hüquqi status haqqında əsas sənədə əsaslana bilər.
Xəzər dənizinin hüquqi statusu haqqında vahid konvensiya qəbul olunana qədər Xəzəryanı dövlətlər Xəzər dənizində təşəkkül tapmış təcrübəyə əsasən öz suveren hüquqlarını həyata keçirirlər.
Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşxabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradılmışdır. İndiyədək XİQ-in 15 iclası olmuşdur. Son iclas 26-27 oktyabr 2004-cü ildə Moskvada keçirilmişdir. XİQ-in növbəti 16-cı iclasının Aşxabatda keçirilməsi nəzərdə tutulur.
Xəzərsahili dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq bütün sahilyanı ölkələr ümumiyyətlə Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.
Konvensiya layihəsi üzrə danışıqlarda Xəzər dənizinin dibinin sektorlara bölünməsi və bu bölgü əsasında yaranmış sektorlarda sahilyanı dövlətlərin dənizin dibindəki mineral ehtiyatların istifadəsi, həmçinin su səthinin istifadəsi - gəmiçilik, bioloji ehtiyatların qorunması, təhlükəsizlik məsələləri, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə olunur.
Xəzəryanı dövlətlər arasında beştərəfli formatda danışıqlarla yanaşı Azərbaycan Respublikası ikitərəfli əsasda İran və Türkmənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Həmin danışıqlarda dəniz dibinin bölünməsi ilə bağlı aspektlər müzakirə olunur.
Hal-hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.
İndiyədək Xəzəryanı dövlətlər arasında aşağıdakı ikitərəfli və çoxtərəfli Sazişlər imzalanmışdır:
- Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş, 23 sentyabr 2002-ci il;
- Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Saziş, 29 noyabr 2001-ci il və ona əlavə 27 fevral 2003-cü il tarixli Protokol;
- Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında dəniz dibinin təkinin istifadəsinə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında 6 iyul 1998-ci il tarixli Saziş və ona əlavə 13 may 2002-ci il tarixli Protokol;
- Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş, 14 may 2003-cü il;
- Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası, 4 noyabr 2003-cü il Tehran.
24-25 yanvar 2005-ci il tarixində Aşxabad şəhərində "Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın "Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda aparılan fəaliyyətlərdən çirklənməsindən mühafizə olunması haqqında Protokol" layihəsinin hazırlanması üzrə Xəzəryanı dövlətlərin birinci görüşü keçirilmişdir.
|
Oxunub: 967 dəfə | Tarix: 12 Mart 2008 | Kateqoriya: Xəzər dənizi
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|